Etik davranış qaydaları
ÖzünÖyrən platformasından istifadə edən hər bir istifadəçi - həm tələbələr, həm də müəllimlər aşağıdakı qaydaları qəbul etmiş sayılır və onlar platformanı istifadə edən zaman bu qaydalara əməl etməlidirlər.
Etik davranış qaydalarının məqsədi irqindən, dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından, xarici görünüşündən, ailə vəziyyətindən, təhsilindən, sağlamlıq durumundan və ya siyasi mövqeyindən asılı olmayaraq ÖzünÖyrəni hər kəs üçün əlçatan təhsil platforması olmasını təmin etməkdir.
Ümumi müddəalar
Hər bir şəxs platformada yalnız bir hesab aça bilər. Siz hesab açarkən Sizə məxsus e-poçt ünvanından istifadə etməlisiniz və e-poçt ünvanınız ÖzünÖyrən platformasında Sizin unikal identifikatorunuz olacaq. Əgər Siz istifadə etdiyiniz başqa e-poçt ünvanı ilə də qeydiyyatdan keçsəniz, onda ikinci hesab yaratmış olursunuz ki, bu da etik davranış qaydaları ilə ziddiyyət təşkil edir. Əgər təsadüfən ikinci hesab açmısınızsa, o zaman platformanın “Tənzimləmələr” bölməsindən Sizə lazım olmayan hesabı silə bilərsiniz. Əgər hansısa səbəbdən hər iki platformada fəaliyyətiniz olubsa, o zaman kursdakı fəaliyyətinizi, qiymətləri, sertifikatları birləşdirmək üçün bizimlə əlaqə saxlayın.
Sizə məxsus istifadəçi adını və şifrənizi heç kimlə paylaşmamalısınız. Sizin hesabı yalnız Siz özünüz istifadə edə bilərsiniz.
Kurslarda yerinə yetirdiyiniz tapşırıqlar, imtahanlar, sorğularda istifadə etdiyiniz cavablar və həllər Sizin öz tərəfinizdən tərtib edilməlidir. Sizin əvəzinizə bu tapşırıqları başqasının etməsi və ya hər hansı bir yerdən köçürmək qəti qadağandır.
Tapşırıqları, imtahan suallarını, Sizin cavablarınızı, kursun materiallarını heç bir yerdə dərc etmək və ya paylaşmaq olmaz.
Bəzi tapşırıqlar tələbələr arasında diskussiya, bir-birinizin işini qiymətləndirmə kimi fəaliyyətlərdən ibarət ola bilər. Belə hallarda Sizin yazılı materiallarınız, mesajlar, şərhlər etik normalara uyğun olmalı, ayrı-seçkiliyə, irqçiliyə yol verilməməlidir. Bu cür yazışmalarda iştirak edən hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Diskussiyalarda, ÖzünÖyrənin sosial şəbəkə hesablarında şərhlərdə reklam xarakterli məlumatlar, zərərli məlumatlar, spam xarakterli mesajlar paylaşmaq qadağandır. Şərhlər və istifadəçilər arasındakı istənilən kommunikasiya qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır.
Etik davranış qaydalarının pozulması
Etik davranış qaydalarını pozan istifadəçilər barəsində ÖzünÖyrən komandası tərəfindən aşağıdakı tədbirlər görülə bilər:
- Köçürdüyünüz və tam olaraq özünüzün yerinə yetirmədiyi tapşırıq aşkarlanarsa, həmin tapşırığın nəticələrinin sıfırlanması.
- Əldə etdiyiniz sertifikatın ləğv edilməsi.
- Kursdan xaric edilmə.
- ÖzünÖyrən hesabınızın bağlanması.
Əgər ödənişli kurslara yazılmış şəxslər bu qaydaları pozsalar, kursun nəticələri ləğv edildikdə və ya hesabları bağlandıqda ödəniş geri qaytarılmayacaq.
Etik davranış qaydalarının yenilənməsi
Platformamızın imkanları genişləndikcə, texnologiya inkişaf etdikcə qaydaların da təkmilləşdirilməsinə ehtiyac olur. Həmçinin müəyyən təkliflər nəticəsində və ya hər hansı bir digər səbəbdən ÖzünÖyrən cari sənəddə yenilənmələr və dəyişikliklər edə bilər. Dəyişiklik edildikdə ÖzünÖyrənin müvafiq sosial şəbəkə hesablarında istifadəçilərə məlumat veriləcəkdir.