OzunOyren logo

ÖzünÖyrən haqqında

"ÖzünÖyrən" Azərbaycanlı mühəndislər tərəfindən yaradılmış Kütləvi Açıq Onlayn Kurs (MOOC) platformasıdır. ÖzünÖyrən layihəsi vətəndaşlarımıza İnformasiya Texnologiyalarını sərbəst, istədikləri zamanda və dünyanın internet olan istənilən nöqtəsindən fasiləsiz şəkildə öyrənmələrinə imkan yaradır. İstər paytaxtda, istər bölgələrdə, istərsə də dünyanın başqa ölkələrində hər kəs bizim kurslardan yararlana bilər.

Bizim kursların məzmunu real təcrübəyə əsaslanır. İnformasiya Texnologiyaları sahəsi təcrübəni sevən sahə olduğunu nəzərə alaraq bizim kurslarda praktiki tapşırıqlar geniş yer tutur. Biliklər öyrətməkdən başqa həm də bacarıqların formalaşması üçün praktiki tapşırıqlarla zəngindir. Kursları bitirmək üçün yalnız mühazirələri dinləmək deyil həm də real tapşırıqları yerinə yetirməlisiniz. ÖzünÖyrən təcrübi tapşırıqları təqdim etmək üçün ən müasir texnologiyaları istifadə edir.

İnternet dünyasında xarici dildə çoxlu resursların mövcud olmasına baxmayaraq onlardan hər kəs yararlana bilmir. Digər tərəfdən hər bir şəxs üçün informasiyanı öz doğma dilində almaq adətən daha asan olur. Elə bu səbəbdən Azərbaycan dilində təhsil platformasını yaratmışıq. Platformamızdakı bütün məzmun doğma dilimizdədir.

Biz kimik?

Adil Əliyev

Adil Əliyev

Həmtəsisçi
Hazırda Amazon şirkətinin Kanada ofisində proqram təminatı üzrə mühəndis olaraq çalışır. Bundan öncə Cənubi Koreyada Samsung Elektroniks şirkətinin baş ofisində, proqram təminatı üzrə aparıcı mühəndis olmuşdur. 2006-2015-cü illərdə İDRAK Texnoloji Transfer, Azercell və NEATS şirkətlərində çalışmışdır. Ayrı-ayrı vaxtlarda Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universitetində müəllim olaraq fəaliyyət göstərib.
Rəşad Əliyev

Rəşad Əliyev

Həmtəsisçi
Cənubi Koreyanın bir nömrəli mühəndislik məktəbi KAİST-də doktorantura təhsili (PhD) almaqla yanaşı həm də C. Koreyanın Gractor şirkətində Texnologiya idarəetməsi üzrə məsləhətçidir. Əvvəllər Koreyanın AirPremia Hava Yolları şirkətində İT Layihələr üzrə menecer, Hugeflow şirkətində Araşdırma Mühəndisi olaraq çalışmışdır. Kibertəhlükəsizlik üzrə elmi iş və patent müəllifidir. Azərbaycanda ADA Universiteti və Bakı Ali Neft Məktəbində, C.Koreyada KAİST və Koreya Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Tofiq Hüseynov

Tofiq Hüseynov

Dərs proqramları üzrə koordinator
Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin baş məsləhətçisidir. İT sahəsində 15 ildən çox təcrübəyə malik olmaqla yanaşı ölkə daxilində aidiyyatı strukturlar üçün proqram təminatlarının yaradılmasında və layihələndirilməsində iştirak etmişdir. Həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində informasiya təhlükəsizliyi üzrə müəllim olaraq çalışmışdır. Beynəlxalq Oracle Akademiyasının sertifikatlı müəllimi və İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq ISO/IEC 27001 sertifikatlı auditorudur.
Fərhad Əli

Fərhad Əli

Prodakşn üzrə koordinator
ÖzünÖyrənin təlim materiallarının video tərtibatına rəbərlik edir. Azərbaycanın video və foto sahəsində yetəri qədər tanınan mütəxəssisdir və həm yerli həm də xarici tanınmış incəsənət xadimləri ilə birgə layihələri olmuşdur. Avroviziya müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvüdür və komandanın foto və video tərtibatı işlərinə cavabdehdir. Azərbaycan və Ukraynada foto sərgiləri təşkil olunmuşdur. Gənclər üçün mütəmadi olaraq foto və video sahəsində təlimlər keçir.
Fərid Əhmədli

Fərid Əhmədli

R&D komandasının rəhbəri
Hazırda Amazon şirkətində proqram təminatı üzrə mühəndis olaraq çalışır. Proqram təminatlarının yaradılması üzrə müxtəlif şirkətlərdə 15 ildən artıq iş təcrübəsi vardır. 2016-2021-ci illərdə ADA Universitetində Kompüter Elmləri üzrə müəllimlik edib. Müxtəlif proqramlaşdırma müsabiqələrinin iştirakçısı və mükafatçısıdır (IOI 2002-2004). Respublika və beynəlxalq səviyyəli proqramlaşdırma yarışlarının (IOI 2017-2020) təşkilində yaxından iştirak etmiş, 2019-cu ildə Azərbaycanda keçirilən İnformatika üzrə Beynəlxalq Olimpiadanın elmi şurasının rəhbəri olmuşdur.
Orxan Hüseynli

Orxan Hüseynli

Proqram təminatı qrup rəhbəri
Hazırda Yellow şirkətində aparıcı proqram mühəndisidir. ADA Universitetinin İT və Mühəndislik fakültəsinin ilk məzunlarındandır. Bir sıra yerli və xarici İT şirkətləri həmçinin Azərbaycanın dövlət qurumları ilə bir çox layihələrdə çalışmışdır. Front-end proqramlaşdırma sahəsində 5 ildən çox təcrübəsi iş var. Full-stack proqramlaşdırma, Front-end proqramlaşdırma sahəsində təlimlər keçir.
Telman Əsədov

Telman Əsədov

Proqram təminatı üzrə arxitektor
Hazırda ABŞ-ın EPAM şirkətində Süni İntellekt infrastrukturlarının layihələndirilməsi və istismarı sahəsində sistem mühəndisidir. Daha öncə Azərbaycanda həm özəl həm də dövlət sektorunda nəhəng proqram təminatı sistemlərinin layihələndirilməsi ilə məşğul olmuşdur. ÖzünÖyrən platformasının infrastrukturunun layihələndirilməsi və optimizasiyasına cavebdehdir.
Zəkiyə Əlizadə

Zəkiyə Əlizadə

QA Test üzrə mühəndis
Bakı Mühəndislik Universitetinin Kompüter Mühəndisliyi ixtisası üzrə məzunudur. Təhsil Nazirliyi tərəfindən məktəblilər arasında “First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışında hakim kimi iştirak etmişdir. 2017-ci ildə Cənubi Koreyanın Sungkyunkwan Universitetinin yay məktəbində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində e-Hökümət üzrə mütəxəssis olaraq çalışmışdır.
Elçin Babayev

Elçin Babayev

Front-end proqramçı - intern
Bakalavr təhsilini Bakı Mühəndislik Universitetində almışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında magistr təhsili alır. Bir ilə yaxındır ki, proqramlaşdırma ilə maraqlanır. Elə bu səbəbdən də ÖzünÖyrən layihəsində intern proqramı çərçivəsində proqramlaşdırma biliklərini təkmilləşdirməklə məşğuldur.
Banu Cəfərli

Banu Cəfərli

Front-end proqramçı - intern
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. İndi təhsilini Bakı Dövlət Universitetində kompüter elmləri üzrə magistr təhsili almaqla davam edir.
Nərmin Qəhramanova

Nərmin Qəhramanova

Front-end proqramçı - intern
Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində, İnformasiya texnologiyaları ixtisası üzrə sonuncu kurs tələbəsidir. Gələcəkdə Frontend proqramçı olaraq fəaliyyət göstərmək istəyi olduğu üçün hazırda hazırda ÖzünÖyrən layihəsində təcrübə proqramı keçir.

Pedaqoji şura

Dr. Fuad Hacıyev

Riyaziyyat üzrə fəlsəfə doktoru. ADA Universitetində İT və Mühəndislik fakültəsinin, Qazaxstanın Qazaxstan-Britaniya Texniki Universiteti və Atırau Neft Qaz Universitetinin professorudur. Əvvəllər Qazaxstan-Britaniya Texniki Universiteti və Süleyman Dəmirəl Universitetinin prorektoru olmuşdur. Uzun illər Qazaxıstanda ali təhsil sahəsində çalışmış, ali məktəblərin yaradılması və inkişafı istiqamətində böyük təcrübəyə malikdir. Kompüter Elmləri üzrə nüfuzlu müsabiqələr olan ACM İCPC və Beynəlxalq İnformatika Olimpiadasının həm Qazaxstan həm Azərbaycanda təşkilat komitəsinin əsas üzvlərindən olmuşdur. Riyaziyyat üzrə elmi jurnallarda 35-dən çox məqalə müəllifidir. 45 ildir ki elm və təhsil sahəsində çalışır.

Dr. Vaqif Əmikişiyev

Biologiya üzrə fəlsəfə doktoru. Bakı Dövlət Univesitetinin “Tətbiqi-riyaziyyat və kibernetika” fakültəsini bitirmiş və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda genetika ixtisasında “Mobil genetik elementlərin DNT ardıcıllıqlarının kompüter kontekst analizi” mövzusu üzrə namizədlik işini müdafiə etmişdir. Hazırda Genetik Ehtiyatlar İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmaqla yanaşı, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetində molekulyar biologiya və bioinformatika fənlərini tədris edir.

Fatma Hacıyeva

20 ildən çox müəllimlik təcrübəsinə malik olmaqla, hazırda 83 saylı məktəb-liseydə informatika müəllimi kimi əmək fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə həyata keçirilən “ilin ən yaxşı müəllimi” müsabiqəsində, həmçinin, “İnformatika-1” dərslik komplekti üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən İKT müsabiqəsinin “ən yaxşı kitab” nominasiyası üzrə qalibi olmuşdur. Bir çox beynəlxalq təlimlərdə iştirak etməklə yanaşı, ölkə daxilində də aktiv layihələrin təşkilatçısıdır. Milli kurikulum layihəsinin hazırlanmasında işçi qrupunun üzvü, “informatika və qiymətləndirmə üzrə işçi qrupu”nda əlaqələndirici və məktəblilər üçün nəzərdə tutulmuş informatika dərsliklərində rəyçi olmuşdur. Beynəlxalq Kod saatı (Code.org) və Bebras müsabiqəsində 83 saylı məktəbin aktiv iştirakını təşkil etmişdir.

Yaranma tarixçəmiz

Təsisçilərimiz İKT sahəsində təhsillərini 90-cı illərin sonları 2000-ci illərin əvvəlində Bakıda əvvəlcə müstəqil formada başlamış sonra Dr. Ramin Mahmudzadənin rəhbərliyi altında davam etdirmişlər. Bu təhsil yolu müstəqil olaraq başlayıb, sonra isə rəsmi təhsil formasında, daha sonra isə müxtəlif xarici ölkələrdə peşəkar təcrübə formasında davam etmişdir.

  • Komandamız İKT və təhsil sahələrində geniş təcrübəsi olan mühəndislərdən ibarətdir.
  • Komanda üzvlərimizin hər biri İKT təhsil yolunu müstəqil olaraq başlayıb.
  • Hər birimiz müstəqil təhsilimizi əlavə maddi dəstək olmadan və ingilis dilini zəif bildiyimiz bir zamanda, geniş İKT təhsil imkanlarının olmadığı vəziyyətdə başlamışıq.

O zamandan indiyə kimi biz Azərbaycan gənclərinin bizimlə eyni və çox oxşar çətinliklərlə üzləşdiklərini görürük.

  • İndi də ingiliscəni səlis bilməyən gənclərimiz çoxdur. Nəticədə onlar İnternet şəbəkəsində mövcud olan pulsuz təhsil imkanlarından yararlana bilmirlər.
  • İndi də yüksək keyfiyyətli təhsili ələçatan edəcək maddi imkanlara sahib olmayan gənclər çoxdur.
  • İndi də İKT sahəsində müəllim çatışmamazlığı var.

Bu çətinliklərin öhdəsindən gəlməklə Azərbaycan gənclərinə dəstək olmaqda qərarlıyıq!

  • Bizi həvəsləndirən gənclərimizin üzləşdiyi çətinliklərin həllini tapmaq istəyidir!
  • Bizi güclü edən peşəkar təcrübəmizdir!
  • Təhsil sahəsində təcrübəmiz yolumuzu işıqlı edir!

Təklif etdiyimiz dəyər

ÖzünÖyrən İKT sahəsində müstəqil təhsil almaq imkanını təklif edir. Düşünürk ki, bunun üçün:

  • Təhsildə zamanlama müstəqil olmalıdır;
  • Dərslər real təcrübəyə əsaslanan tapşırıqlarla dəstəklənməlidir;
  • Təhsil əlçatan olmalıdır;
Məhz buna görə dəsrlərimizi Sizə hər zaman, hər yerdə, istədiyiniz cədvəl ilə təqdim edirik. Sizə sadəcə İnternet bağlantısı lazımdır.

ÖzünÖyrən həm də müəllimlər və təhsil müəssisələri üçün zəruri olan alətləri, bilik və bacarıqlar təqdim edir.

  • Müəssisənizin tələblərinə uyğun əsaslı və effektiv İKT təhsil proqramı və dərsləri hazırlamağı təklif edirik;
  • Müəssisəniz üçün aktiv və tam güclə çalışan onlayn təhsil platformasını tərtib edilib hazırlanmasına zəmanət veririk;
  • Dərs vəsaitlərinin rəqəmsallaşdırılmasını və yüksək keyfiyyətli onlayn dərslərin hazırlanmasını təmin edirik.

Bizi fərqli edən nədir?

İnternet şəbəkəsində çoxlu təhsil vəsaiti və dərslər mövcud olsa da, çoxu ingilis, çin, və digər geniş yayılmış dillərdədir.

  • Bu məşhur dilləri bilməyən milyonlarla insan bu təhsil imkanlarından məhrumdur.
  • Həmçinin, adətən ana dilində təhsil almaq çox daha yaxşı nəticələr verir.
  • Məhz buna görə bizim platforma azərbaycancadır.

Bir çox hallarda İKT təhsili əlavə kənar proqram təminatı tələb edir.

  • Yalnız brauzerdən istifadə etməklə təhsil almaq imkanını yaratmaq üçün davamlı çalışırıq. Misal üçün, brauzer daxilində kod yazmaq imkanı yaradmışıq.

İKT təhsili çoxlu təcrübə tələb edir.

  • Buna görə də, dərslərimizin mühim hissəsi praktiki tapşırıqlardan ibarətdir.
  • Bütün komanda üzvlərimiz əsaslı peşəkar təcrübəyə malikdir və peşəkar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər.
  • Platformamızın tamı və dərslərimizin məzmunu da komanda üzvlərimiz tərəfindən yaradılıb.

Adətən, İKT təhsili sahəsində çalışan müəllimlər peşəkar təcrübəyə malik deyil. Eyni zamanda, bir çox mühəndisin təhsil təcrübəsi yoxdur.

  • Təsisçilərimizin ikisi də bir neçə il ərzində ölkəmizin aparıcı ali məktəblərində Kompüter Elmləri sahəsində dərs deyib.
  • Komanda üzvlərimiz ölkəmizin bir neçə ali təhsil ocağı üçün Kompüter Elmləri sahəsində kurrikulumun hazırlanmasında iştirak edib.
  • Komandamızın bütün üzvləri həm ölkəmizdə həm də xaricdə təhsil sahəsində könüllü və pulsuz əsaslarla aktiv iştirak edir (misal üçün: seminarlar, dəsrlər, konsultasiya və s.).